14:39 - 7.02.2022
7 fevral, Fineko/abc.az. Azərbaycan səkkiz erməni hərbçisini qaytarıb, əvəzində isə Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqlarının olduğu yerlər barədə Azərbaycana məlumat verəcəyi ilə bağlı öhdəlik götürüb.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
"Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.” – deyə məlumatda deyilir.
27 İyul 2026