Tehranda Parsabad dəmiryolu yük terminalının tikintisi ilə bağlı görüş keçirilib

11:05 - 6.08.2021


6 avgust, Fineko/abc.az. Avqustun 5-də İran və Azərbaycan arasında Parsabad dəmiryolu yük terminalının tikintisi ilə bağlı Tehranda iki ölkənin rəsmiləri arasında görüş keçirilib.

ABC.AZ xəbər verir ki, görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İran parlamentinin spiker müavini Əli Nikzad və Ərdəbil əyalətinin rəsmiləri iştirak edib.

Görüş zamanı Şahin Mustafayev Parsabad dəmir yolu yük terminalı ilə bağlı işlərin sürətləndirilməsinə çalışacağını bildirib.

Həmçinin parlamentin spiker müavini Ə. Nikzad Parsabad dəmiryolu yük terminalının təsis edilməsi layihəsi üçün görülən işlərdən danışıb : "Yol xəritəsi hazırlanıb, araşdırmalar aparılıb. Layihə çərçivəsində 4 kilometr dəmir yolu tikiləcək, 10 kilometr yol isə təmir olunacaq. Bu işləri görməyi Azərbaycan tərəfi üzərinə götürüb. İran ərazisində dəmir yolu xətti Təzəkəndə qədər çəkiləcək."

Qeyd edək ki, Parsabad dəmir yolu terminalının tikintisi üçün iki ölkə arasında müştərək saziş imzalanıb.