14:09 - 2.07.2021
2 iyul, Fineko/abc.az. “SOCAR Energy Ukraine” şirkəti bu ölkənin dəmir yolları üçün dizel yanacağının alınması ilə bağlı müqavilə imzalayıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir. Məlumata görə, “Ukrayna Dəmir Yolları”nın İstehsalın Təminatı Mərkəzi iyulun 1-də çərçivə müqaviləsinə əsasən 15 min ton dizel yanacağının alınması ilə bağlı tender elan edib.
Belə ki, dəmir yolu müəssisəsi 5 tender keçirəcək və bu tenderin hər birində 3 min ton dizel yanacağının tədarük edilməsi nəzərdə tutulur.
Resursun təxmini marjinal dəyəri hər ton üçün 28 min 824,22 qrivna səviyyəsində müəyyən edilib. Konsaltinq qrupunun məlumatına görə, iyulun 1-də 2021-ci il ərzində 200 min ton dizel yanacağının tədarükü ilə bağlı çərçivə müqaviləsi OKKO, “Torum”, “Gastream”, “Aliance Erergo Trade”, “Oil Trade 2018”, “Levane Torg”, “Martine Trade” və “SOCAR Ukraine” şirkətləri ilə imzalanıb.