Mərkəzi Bank və Avropa Yenidənqurma və İnkişaf Bankı müqavilə imzaladı – 200 milyon dollarlıq

15:41 - 19.05.2020


19 may, Fineko/abc.az. Koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ümumi məbləği 200 mln. ABŞ dolları olan svop müqaviləsi bağlanıb. 

ABC.AZ-ın məlumatına görə, bu barədə xəbər Mərkəzi Bank yayıb.

Məlumatda bildirilir ki, bu məbləğin 50 milyon ABŞ dolları, yəni 85 milyon manat ekvivalentinin 2020-ci ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, AYİB Azərbaycan ilə uzunmüddətli səmərəli əməkdaşlıq həyata keçirir. Bugünədək AYİB Azərbaycan iqtisadiyyatına 170 layihə üzrə 3,3 mlrd. avro vəsait investisiya edib. AYİB, həmçinin, kiçik və orta sahibkarlıq subyektlərinə biznes məsləhət xidmətləri də göstərir və 1000-dən çox şirkətin maliyyə nəticələrinin və inkişafının təkmilləşdirilməsi istiqamətində texniki dəstək göstərib.