“Azəri-Çıraq-Günəşli”də hasilatın azalma tempi 3%-ə enib

15:50 - 20.11.2026


20 noyabr, Fineko/abc.az. Azərbaycanın əsas neft yataqları bloku olan “Azəri-Çıraq-Günəşli”də (AÇG) hasilatın azalması tempinin zəiflədiyi açıqlanıb.

Böyük Britaniyanın neft-qaz şirkəti “BP”nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli noyabrın 19-da jurnalistlərə bildirib ki, 2023-cü ildə 12% olan azalma tempi hazırda təxminən 3%-ə enib və ilin sonunadək bu göstəricinin daha da aşağı düşməsi mümkündür.

Aslanbəyli nəticənin yeni texnologiyaların, rəqəmsal həllərin tətbiqi və əməliyyatların optimallaşdırılması hesabına əldə edildiyini, geonaviqasiya, çoxquyulu və üfüqi qazma texnologiyalarının, süni intellektin əməliyyatları daha sürətli həyata keçirməyə imkan verdiyini və büdcə təxminən eyni səviyyədə saxlanılmaqla görülən işlərin həcminin artırıldığını qeyd edib.

“BP”nin ilk doqquz ay üzrə hesabatına əsasən, AÇG-dən təxminən 12 milyon ton və ya 87 milyon barel neft hasil olunub, orta gündəlik hasilat 320 min barel təşkil edib, dövr ərzində 12 neft hasilatı quyusu, üç su və iki qaz injektor quyusu qazılaraq tamamlanıb. Üçüncü rübün sonunda “Dərinsulu Günəşli” platformasından sərbəst qaz laylarındakı neft ehtiyatlarını hədəfləyən yeni hasilat quyusu da işə salınıb, avqustda “Mərkəzi Azəri” platformasında aparılan profilaktik işlər zamanı isə hasilat təxminən altı gün ərzində azaldılsa da, tam dayandırılmayıb.