Almaniya şirkətləri qlobal miqyasda 200 mindən çox iş yerini ixtisar edir

15:09 - 18.11.2026


18 Noyabr, Fineko/abcnews. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın aparıcı sənaye, avtomobil, logistika, sığorta, telekommunikasiya və maliyyə şirkətləri xərcləri azaltmaq və rəqabət qabiliyyətini qorumaq məqsədilə genişmiqyaslı restrukturizasiya və ixtisarları davam etdirir.

Zəif qlobal tələb, Çin istehsalçılarının bazar payını artırması, yüksək enerji xərcləri, ABŞ-ın gömrük tarifləri və süni intellektin sürətli tətbiqi fonunda son iki ildə elan edilmiş və 2026-cı il ərzində yeni paketlərlə genişləndirilmiş çoxillik ixtisar planları üzrə Almaniyada təxminən 160 min, qlobal miqyasda isə 200 mindən çox iş yerinin ləğvi nəzərdə tutulur.

İqtisadiyyatdakı məhdud bərpa məşğulluq itkilərinin qarşısını ala bilməyib. Almaniya Federal Statistika İdarəsinin  məlumatına görə, iki illik daralmadan sonra ölkə iqtisadiyyatı 2026-cı ilin üçüncü rübündə rüblük müqayisədə 0,2%, illik ifadədə isə 1,3% artıb. Aparıcı iqtisadi institutlar cari il üzrə 1,3–1,4% artım proqnozlaşdırır, "S&P Global" İstehsalat Sektoru üzrə Satınalma Menecerləri İndeksi (PMI) isə oktyabrda 54,2 bəndə yüksələrək son dörd ilin maksimumuna çatıb.