12:19 - 22.10.2026
22 oktyabr, Fineko/abc.az. Qlobal konsaltinq şirkəti “Oxford Economics” “McDonald’s”ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirən müstəqil hesabatını təqdim edib.
Tədqiqata əsasən, 2025-ci təqvim ilində şirkətin ölkənin ümumi daxili məhsuluna (ÜDM) töhfəsi 129 milyon manat təşkil edib, yaratdığı və dəstəklədiyi iş yerlərinin sayı isə 7 050-yə çatıb.
Zəncirvari iqtisadi aktivlik bilavasitə restoranların fəaliyyətini, yerli təchizatçılardan satınalmaları və əməkdaşların daxili bazardakı istehlak xərclərini əhatə edir.
Şirkət daxili bazarın və aqrar sektorun inkişafında mühüm rol oynamağa davam edir.
Belə ki, ötən il yerli biznesin dəstəklənməsi çərçivəsində daxili bazardan 54,6 milyon manatlıq mal və xidmət alınıb, mal əti tədarükü isə tam şəkildə yerli istehsalçılara yönəldilib.
Restoranlar şəbəkəsini məhsulla təmin edən fermer və emal müəssisələrində 2 100-ə yaxın iş yeri məhz bu əməkdaşlıq sayəsində dəstəklənib.
Bundan əlavə, yeni məkanların açılışı və yenilənməsi üçün sahibkarlardan 10,8 milyon manatlıq mal və xidmət satınalması həyata keçirilib.
Hazırda ölkə üzrə 34 restoranla illik 20 milyondan çox qonağa xidmət göstərən "McDonald’s Azərbaycan" sosial məsuliyyət və məşğulluq göstəriciləri ilə də diqqət çəkir.
Şirkətin bilavasitə çalışan 2 935 nəfərlik heyətinin 49 faizini qadınlar, 67 faizini isə gənclər təşkil edir. İqtisadi töhfələrlə yanaşı, il ərzində sosial proqramlar, təqaüdlər və ekoloji təşəbbüslərə 120 min manatdan çox vəsait ayrılıb.
“Oxford Economics”in direktor müavini Stiven Forman bildirib ki, araşdırma şirkətin françayzinq, məşğulluq və yerli tərəfdaşlıqlar vasitəsilə Azərbaycan iqtisadiyyatına verdiyi genişmiqyaslı faydanı aydın şəkildə sübut edir.
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
22 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026
20 Oktyabr 2026