"Yapı Kredi Bank Azərbaycan"ın aktivləri 1 milyard manatı keçib — III rübün yekunları

11:01 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az. "Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin yanvar-sentyabr ayları üzrə maliyyə nəticələrini açıqlayıb.

Hesabat dövründə bankın xalis mənfəəti 9,2 milyon manat təşkil edib. Ötən ilin sonu ilə müqayisədə bankın cəmi aktivləri 27% artaraq 1 milyard manat həddini keçib.

İlin ilk 9 ayında bankın kredit portfeli 21% genişlənərək 563 milyon manat (biznes kreditləri 391,3 mln. manat, istehlak kreditləri 101,3 mln. manat, daşınmaz əmlak kreditləri 70,6 mln. manat) olub.

Depozit portfeli isə 20% artaraq 631 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 39% artaraq 51,8 milyon manata, xalis faiz gəlirləri isə 12% artaraq 32,5 milyon manata çatıb. Bankın tutulmalardan sonra məcmu kapitalı 115 milyon manat olmaqla normativi (50 mln. manat) iki dəfədən çox üstələyib.