Rəqəmsal səyyahlara vergi güzəştləri olacaq

14:54 - 7.07.2026


7 iyul, Fineko/abc.az. Rəqəmsal səyyahlara vergi güzəştləri olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna, “Banklar haqqında” qanuna və Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.

“Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahlar tərəfindən xarici mənbələrdən əldə olunan xarici valyuta vəsaitlərinin (vergi öhdəliklərinin icrası şərtilə) müvəkkil banklardakı hesablarına mədaxili və Azərbaycan Respublikasından köçürülməsi zamanı valyuta tənzimi məqsədləri üçün məbləğ məhdudiyyəti tətbiq edilməyəcək.

“Banklar haqqında” qanuna təklif edilən dəyişikliyə görə, rəqəmsal səyyahlara müvəkkil banklarda hesablar yalnız şəxsiyyəti təsdiq edən sənəd və imza nümunəsi vərəqəsi əsasında açılacaq.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahın xarici qeyri-rezident müəssisə ilə (və ya sahibkarla) bağladığı əmək və ya mülki-hüquqi müqavilələr əsasında Azərbaycan Respublikasının ərazisində həyata keçirdiyi fəaliyyəti həmin qeyri-rezidentin Azərbaycan Respublikasında daimi nümayəndəliyi hesab olunmur. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.