İKZF borclanmanı azaldır, ipoteka kreditlərinin artım tempi zəifləyir

16:51 - 1.04.2026


1 aprel, Fineko/abc.az. 2026-cı il aprelin 1-də Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 50 milyon manat həcmində ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac uğurla yekunlaşıb.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu buraxılış Fondun ipoteka maliyyələşdirmə strategiyasının davamı kimi qiymətləndirilir.

Hərracın nəticələrinə əsasən, nominal dəyəri hər biri 1 000 manat olan ümumilikdə 50 000 ədəd istiqraz tam həcmdə yerləşdirilib. İstiqrazların illik gəlirlilik faizi 3.25% səviyyəsində müəyyən edilib və yerləşdirmə qiyməti nominala bərabər olub. Buraxılan istiqrazı yalnız yalnız 1 investor tərəfindən əldə edilib.

İstiqrazların tədavül müddəti 7200 gün (təxminən 20 il) təşkil edir. Faiz ödənişləri hər 180 gündən bir həyata keçiriləcək. Eyni zamanda, əsas borcun qaytarılması da mərhələli şəkildə – hər 6 ayda bir ümumi buraxılışın 2.5%-i həcmində (1.25 milyon manat) aparılacaq. Bu isə investorlar üçün sabit pul axını təmin edən uzunmüddətli alət deməkdir. Buraxılışın anderrayteri “İnvest-Az İnvestisiya Şirkəti” QSC olub.