16:13 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. Bu ilin noyabr ayında "E-Şikayət" sisteminə telekommunikasiya ilə bağlı daxil olan şikayətlərin 50%-i sabit internet xidmətlərini əhatə edib.
ABC.AZ İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, 2023-cü ilin noyabrında qurumun yaratdığı "E-Şikayət" sisteminə ötən ay telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 484 şikayət daxil olub.
Bu müraciətlərin 48,2 %-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 34,9 %-i mobil internet və rabitə xidmətləri, 16,9 %-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 16 şikayət daxil olub. Bu müraciətlər ümumilikdə 54 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.
Telekommunikasiya xidmətləri üzrə noyabr ayı ərzində "E-Şikayət" sisteminə 402 müraciət daxil olub. Bu müraciətlərin 50 %-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 42,1 %, telefon rabitəsi üzrə isə 7,9 %-dir.
İnternet (GPON, ADSL və s.) xidməti üzrə ilk 2 yeri 24,9 %-lə xidmətin işləməməsi və ya onun keyfiyyəti ilə əlaqədar olan müraciətlər təşkil edir. 3-cü yerdə 8 %-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər əks olunur. Bu kateqoriya əsasən təchizatçıların istehlakçılarla davranışında və ya onların xidmət mərkəzlərində yaranan problemlərlə bağlı şikayətləri əks etdirir.
Telefon rabitəsi xidməti üzrə daxil olan müraciətlər xidmətin işləməməsi (2,74 %), xidmətin dayandırılması (1,74 %) və infrastruktur ilə bağlı (1,24 %) əsas kateqoriyalara ayrılıb.