Xətai rayonu ərazisindəki söküntü işini FHN-nin şirkəti həyata keçirəcək

15:59 - 16.07.2025


16 iyul, Fineko/abc.az. Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin layihələndirilməsi ilə bağlı elan edilən tenderə yekun vurulub. Satınalma Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən keçirilib.

ABC.AZ xəbər verir ki, qalib şirkət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutu – "Azərdövlətslayihə" MMC olub. Şirkətin VÖEN-i 1400229741-dir.

Qalib şirkət Bakı şəhəri, Xətai rayonu, Oksigen küçəsi, ev 1 və Marat Əmirxanov küçəsi, ev 14 ünvanlarında yerləşən iki qəzalı binanın söküntü işlərinin təşkilinə dair layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidmətini həyata keçirəcək.

Tenderin ehtimal olunan qiyməti 20 166,94 AZN təşkil etsə də, qalib şirkət işləri 10 822,81 AZN-ə görəcəyini təklif edib. Beləliklə, “Azərdövlətslayihə” tenderi təxminən 9 344 AZN daha ucuz qiymətə udub. Başqa sözlə, şirkət təxminən 46% daha aşağı təkliflə qalib olub.