Bakı şəhərində köhnə binalar söküləcək - Detallar

14:35 - 4.04.2025


4 aprel, Fineko/abc.az. Bakı şəhərinin bir sıra ərazilərində köçürülmə-abadlıq işləri aparılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtda bir sıra köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri şəhər təsərrüfatında ciddi çətinliklər yaradır. Habelə vaxtı ilə dar və plansız şəkildə tikilmiş yollar və küçələr yanğın hadisəsi və digər fövqəladə hallar zamanı kritik hadisələrin qarşısını almağa mane olur:

“Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri – yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir”.