"Audi"nin Brüsseldəki zavodu bağlandı - 3000 nəfər işsiz qaldı

11:49 - 4.03.2025


4 mart, Fineko/abc.az. 28 fevral tarixində, "Audi" Brüsseldəki zavodunda istehsalı dayandıraraq rəsmi olaraq bağlandığını elan edib.

ABC.AZ xəbər verir ki, bu qərar nəticəsində minlərlə işçi işsiz qalıb və bu hadisə Avropanın avtomobil sənayesində növbəti böhran yaradıb. 

Təxminən 3000 nəfərin çalışdığı zavodun hazırda heç bir alıcısı yoxdur. Onun bağlanması, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin avtomobil sənayesini dəstəkləmək üçün yeni tədbirlər planını təqdim etməli olduğu günə təsadüf edib.

"Audi" keçən ilin iyul ayında zavodun bağlanma ehtimalını elan edərkən, premium elektrik krossoverlərə, xüsusilə də Brüsseldə istehsal edilən Q8 e-tron modelinə olan qlobal tələbatın azalmasını səbəb kimi göstərmişdi. Şirkət həmçinin zavodun illər ərzində genişlənməsinin yüksək lojistika xərclərinə səbəb olduğunu və struktur problemlərin uzun müddətdir mövcud olduğunu vurğulamışdı.