Onlara mənzillər veriləcək - Detallar

14:23 - 27.12.2024


27 dekabr, Fineko/abc.az. Prezidentin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Maliyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyulan vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.

Nazir bildirib ki, bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4027 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini diqqətə çatdıran komissiyanın sədri qeyd edib ki, cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş 35 milyon manatvəsait hesabına daha 512 tam təmirli mənzil alınaraq Komisiyyanın qərarı ilə hərbi qulluqçulara verilməsi təmin olunmalıdır.