“Tesla” təxminən 2.5 min “Cybertruck” elektrik pikapını geri çağırır

12:27 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. “Tesla” təxminən 2.5 min “Cybertruck” elektrik pikapını geri çağırdığını elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasının (NHTSA) bəyanatına istinadən məlumat verilib.

Geri çağırılma 2 431 elektrik pikapına aiddir ki, bu avtomobillər ötən ilin 6 noyabrından bu il iyulun 30-dək istehsal edilib.

Məlumata görə, geri çağırılma sürücü invertorunun nasazlığı ilə əlaqədardır ki, bu da dartma qabiliyyətinin itirilməsinə və qəza riskinin artmasına gətirib çıxara bilər. “Tesla”nın texniki işçiləri geri çağırılan avtomobillərdə sürücü invertorunu pulsuz əvəz edəcəklər.

Xatırladaq ki, “Cybertruck”ın seriyalı istehsalına 2023-cü ilin iyulunda başlanılıb, ilk müştəri tədarükləri isə noyabr ayında baş tutub.