Bu il Azərbaycan 3 ölkə ilə "Xəzər dənizi-Qara dəniz" nəqliyyat marşrutu üzrə hökumətlərarası saziş imzalayacaq

11:05 - 22.07.2024


22 iyul, Fineko/abc.az. Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya 2024-cü ildə Buxarestdə "Xəzər dənizi-Qara dəniz" beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında dördtərəfli hökumətlərarası saziş imzalamağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, məlumata görə, Buxarestdə Rumıniya Nəqliyyat Nazirliyinin dövlət katibi Adrian George Fogiş və Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanov arasında danışıqlar aparılıb.

"Tərəflər 2024-cü ildə Buxarestdə "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında dördtərəfli (Türkmənistan - Azərbaycan - Gürcüstan - Rumıniya) hökumətlərarası saziş hazırlamaq niyyətini təsdiq ediblər", - deyə Türkmənistan XİN-in məlumatında bildirilir.

Bundan əlavə, Qurbanov və Foqiş nəqliyyat sahəsində əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin gedişatını, habelə nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini, o cümlədən Avropa Komissiyasının Global Gateway təşəbbüsü - rəqəmsallaşma, energetika, nəqliyyat, səhiyyə, təhsil və tədqiqat kimi sahələrdə yüksək texnologiyalı, ekoloji cəhətdən təmiz və təhlükəsiz qlobal əlaqələrin inkişafı üçün yeni strategiya çərçivəsində nəzərdən keçiriblər.