Taksi sürücüləri üçün imtahanlar necə keçiriləcək?

17:04 - 31.05.2024


31 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, taksi sürücülərinin hazırlıq səviyyəsini Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirəcək. 

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki,  nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı fikirlərini bildirib.

Ekspert qeyd edib ki, verilən qərarda imtahanın mürəkkəb qaydada keçirilməsi nəzərdə tutulmur:

“Son vaxtlar taksi mövzusu ölkədə ən çox istismar olunan mövzulardan birinə çevrilib. Elə dünən xəbəri çıxan da... Söhbət illərdir qanunvericilikdə olan bir şeydən gedir. Əslində bu gün üçün heç bir yenilik də yoxdur. Söhbət hansısa mürəkkəb imtahandan, akademik biliklərin yoxlanılmasından da getmir.

Hələ 2015-ci ildən “Avtomobil nəqliyyatı haqqında” Qanunda belə bir müddəa var ki, kommersiya məqsədli yük və sərnişin daşıyan avtomobil nəqliyyatı sürücüləri (yəni avtobus sürücüləri, yük avtomobili sürücüləri və taksi sürücüləri) bu işə başlamaq üçün xüsusi hazırlıq keçməlidirlər. Hazırlığın nəticəsində onlara sənəd vermək üçün qiymətləndirmə, yəni öyrəndiklərinin yoxlanılması aparılmalıdır”.