Utilizasiya haqqı ilə bağlı qərar qüvvəyə mindi

10:11 - 1.02.2024


1 fevral, Fineko/abc.az. Bu gündən sürücülərin utilizasiya haqqı ödəmələri ilə bağlı qərar qüvvəyə minib.

ABC.AZ xəbər verir ki, avtomobillərin texniki baxışı zamanı sürücülər istehsal tarixi 10 ili keçmiş avtomobillər üçün dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyəcəklər.

Daxili işlər naziri Vilayət Eyvazov “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib.

Qərarla nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, “Tullantılar haqqında” qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. Bununla yanaşı, dövlət texniki baxışının həyata keçirilməsi zamanı, dövlət rüsumu ilə yanaşı, utilizasiya haqqı da ödənilməlidir.

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği”ni və “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi”ni təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.