Süveyş kanalı artıq ümumi tonajının yarısını itirib

14:08 - 29.01.2024


29 yanvar, Fineko/abc.az. Yəmən husilərinin Qırmızı dənizdəki gəmilərə hücumlarının başlanmasından, yəni 2023-cü ilin dekabrından Süveyş kanalı vasitəsilə yük daşımalarının həcmi 39% azalıb.

ABC.AZ xəbər verir ki, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) məlumatlarına istinadən bildirilir ki, bu ümumi tonajda ifadə olunan yük daşımalarının 45% azalmasına səbəb olub. Təşkilat bu vəziyyətin inflyasiyaya, qida təhlükəsizliyinə təsir göstərə biləcəyini və istixana qazı tullantılarının artmasına səbəb ola biləcəyini xəbərdar edib.

UNCTAD dünya ticarəti üçün üç əsas marşrutda pozuntular barədə məlumat verir. Söhbət Rusiya və Ukrayna arasında hərbi qarşıdurmanın başlanmasından sonra yaranan taxıl və neft tədarükünün kəsilməsindən, həmçinin Panama kanalı ilə daşımalardan gedir. Quraqlıq nəticəsində suyun səviyyəsinin aşağı olması səbəbindən dekabr ayında bu marşrut üzrə gəmiçilik illik müqayisədə 36%, 2022-ci ilin göstəricilərinə nisbətən 62% azalıb.