Azərbaycanda lavanda yağının istehsalı ilə məşğul olan müəssisə yaradılacaq

15:20 - 11.01.2024


11 yanvar, Fineko/abc.az. Azərbaycanda lavanda yağının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkət sayılan "The Best Choice" MMC Zəngilanda lavanda və dağ bitkilərinin yağının istehsalı üzrə müəssisə yaratmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə  sözügedən MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədov məlumat verib.

Onun sözlərinə görə, yaxın illərdə Zəngilan mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu, həmin ərazinin turizm əhəmiyyətini artıracaq: “Düşünürük ki, Zəngilanda 10-50 hektar ərazidə lavanda əkini sahəsi salaq və bu sahəyə investisiya yatıraq. İlkin olaraq, 10 hektar ərazidə lavanda əkini sahəsi salmağı planlaşdırırıq. Bununla bağlı layihəmizi artıq müvafiq qurumlara təqdim etmişik”.

E.Əhmədov bildirib ki, bu innovativ layihə Zəngilan şəhərinin hazırkı turizm potensialının daha da artmasına və ümumən regionda lavanda (tibbi və aromatik bitkilər) turizminin yaranmasına öz töhfəsini verəcək. (Azərbaycan iqtisadiyyatı)