Avtomobillərə lazım olan əyləc bəndlərinin qiyməti ucuzlaşa bilər

17:32 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. Hazırda istehsal güclərinin 20 faizi qədər məhsul istehsal edirlər.

ABC.AZ xəbər verir ki, bunu “Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC-nin direktoru Mehman Ağayev deyib.

O qeyd edib ki, yaxın 6-7 ayda tam istehsal gücü ilə məhsul istehsalı nəzərdə tutulur:

“Artıq müəssisə tam gücü ilə fəaliyyət göstərə bilər. Yetər ki, bazarda duruş gətirə bilək, alıcıların etimadını qazanaq. Yeni şirkət olduğumuzdan məhsulumuzun bazarda tanıdılması əsas hədəfimizdir. Məhsulumuz Azərbaycan vətəndaşını məmnun edəcək qiymət və keyfiyyətdədir. Bu günə qədər bu məhsullar Azərbaycana 100 faiz idxal olunurdu. Bizim məhsulların istehsalı pərakəndə bazarda qiymətlərin enməsinə səbəb olacaq“.

M.Ağayev əlavə edib ki, zavoda yatırılan investisiyanın məbləği 2 milyon manatdır. Təxminən 2 ildən sonra avtomobillər üçün digər ehtiyat hissələrinin də istehsalı planlaşdırılır.

“Brake systems Azerbaijan” MMC gələcəkdə istehsal üçün tələb olunan xammalı istehsal etməyi nəzərdə tutur:

“Xammal, hələ ki, 100 faiz idxaldır. Amma zamanla bir çox xammal hissələrini ölkəmizdə istehsal etməyə çalışacağıq. Xammalı özümüz istehsal edəcəyimiz zaman məhsulumuzun maya dəyəri daha da aşağı düşəcək və satış qiymətləri daha ucuz olacaq”.