Azərbaycan Rusiyaya yumurta ixracına başlayır

17:30 - 17.11.2023


17 noyabr, Fineko/abc.az. Azərbaycan Rusiyaya quşçuluq məhsulları və ərzaqlıq yumurtanın ixracına başlayır.

ABC.AZ xəbər verir ki, artıq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında razılıq əldə olunub.

Bildirilib ki, ölkədə rəsmi səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Laboratoriyalara baxış keçirildikdən sonra jurnalistlərə açıqlama verən “Rosselxoznadzor”un rəhbəri AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu bildirib. Eyni zamanda müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını vurğulayıb.

AQTA sədri Qoşqar Təhməzli Agentliklə “Rosselxoznadzor” arasında qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Həmçinin bildirib ki, bu əməkdaşlıq çərçivəsində yaxın günlərdə Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixrac olunmasına başlanacaq. Bu isə ölkədə qida təhlükəsizliyi nəzarəti sisteminin sənaye quşçuluğu sahəsində də beynəlxalq standartlara uyğun qurulduğunu deməyə əsas verir.