Azərbaycan bu Avropa ölkəsi ilə təbii qaz sahəsində strateji sənədlər imzaladı

15:15 - 15.11.2023


15 noyabr, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

ABC.AZ-ın məlumatına görə, görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb.

İmzalanmadan sonra energetika naziri Pərviz Şahbazov deyib ki, bu gün imzaladığımız strateji əhəmiyyətli sənədlərlə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulur. "Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400  milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir. Bugünkü razılaşmalarımız qaz tədarükü ilə bağlı tərəfdaşlığımızın uzunmüddətli müqavilələrlə və Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlı olmasına da zəmin yaradır”-deyə, nazir bildirib.