Metroda gedişhaqqı tariflərini təsdiqləmək bu Nazirliyə verilib

11:15 - 1.11.2023


1 noyabr, Fineko/abc.az. Metroda gedişhaqqı tariflərini təsdiqləmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni”QSC-nin sədr müvani Hidayət Məmmədov bildirib.

O xatırladıb ki, bu il sentyabrın 2-də Prezident İlham Əliyev “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanı imzalayıb. Bu sənədlə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib. Edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, nazirlik müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir.

Sədr müavininin sözlərinə görə, dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri), dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.