BP Azərbaycanda 2 böyük lahihəyə dətək veəcək – Memorondum imzalandı

15:36 - 13.03.2023


13 mart, Fineko/abc.az. bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından yerli biznesin inkişafını dəstəkləmək yönümündə əməkdaşlığı davam etdirmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yeni anlaşma memorandumu imzalayıb.

bp-dən ABC.AZ -a daxil olan məlumata görə,

Yeni anlaşma memorandumunun imzalanmasının ardınca iki yeni layihəyə start verilib.

Birinci layihə Samux, Goranboy və Şəmkir rayonlarındakı icmalar da daxil olmaqla kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədli 20 aylıq təşəbbüsdür.

Layihə üç mərhələli inkişaf proqramına əsaslanır. Birinci mərhələnin məqsədi aztəminatlı ailələrdən olan biznes yönümlü gəncləri seçib onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçməkdir. Layihə iştirakçıları müvafiq qaydada təlim aldıqdan sonra ikinci mərhələyə keçəcəklər və bu mərhələ çərçivəsində onlar öz kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıq və alətlərlə təchiz ediləcəklər. Üçüncü mərhələdə isə iştirakçılar layihənin təqdim etdiyi bilik, bacarıq və avadanlıqdan səmərəli istifadə etməyə kömək edəcək mentorluq proqramından bəhrələnə biləcəklər.

Layihənin ümumi dəyəri 495 000 AZN-dən ($291 200) çoxdur.  

Layihə “Kənd İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunacaq.

İkinci layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihəyə aqroturizmlə məşğul olan yeddi xidmət təchizatçısının işçi heyəti üçün - ümumilikdə 20 nəfərə, təlim keçmək və  mentorluq dəstəyi göstərmək, həmçinin  həmin müəssisələri avadanlıq və alətlərlə təchiz etmək daxildir. Bundan əlavə, ehtiyac olduğu halda bu müəssisələrin obyektlərinin təmirinə də dəstək vermək nəzərdə tutulur.

Bu birillik layihənin ümumi dəyəri təxminən 100 000 AZN-dir (təxminən $59 000).