17:27 - 14.02.2023
14 fevral, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3% az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 4,9% azalıb, qeyri neft-qaz sektorunda isə 2% artıb.
Sənaye məhsulunun 74,1%-i mədənçıxarma sektorunda, 20,5%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,9 dəfə, maşın və avadanlıqların istehsalı 80,3%, poliqrafiya məhsullarının istehsalı 75,6%, kağız və karton istehsalı 44,9%, kompüter, elektron və optik məhsulların istehsalı 44,6%, elektrik avadanlıqlarının istehsalı 30,9%, geyim istehsalı 25,4%, içkilərin istehsalı 24,1%, tikinti materiallarının istehsalı 20,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 17,5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,9% artıb.