Prezident DTX barədə Fərman verdi

15:53 - 28.12.2022


28 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, qərar DTX-nin beynəlxalq təşkilatlarla və xarici ölkələrin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə əməkdaşlığının səmərəliliyinin artırılması məqsədilə verilib.

Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və kibercinayətkarlığa qarşı mübarizə sahəsində, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyət istiqamətlərinə aid digər sahələrdə əməkdaşlığın səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edən xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Xidmətin nümayəndələrini Xidmətin təsdiq edilmiş ştat sayı çərçivəsində təyin etmək səlahiyyəti verilib.