Gəncə şəhəri üzrə muzdla işləyənlərin sayı açıqlanıb

16:54 - 12.12.2022


12 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhəri üzrə muzdla işləyənlərin sayı barədə məlumatlar açıqlanıb.

ABC.AZ xəbər verir ki, Gəncə Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, muzdla çalışan işçilərin sayı 2022-ci ilin yanvar-sentyabr aylarında 44277 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 27444 nəfər (62,0 faiz), qeyri-dövlət sektorunda isə 16833 nəfər (38,0 faiz) təşkil edib.

Muzdlu işçilərin 16,86 faizi məhsul istehsalı sahələrində, ondan 15,05 faizi sənaye (o cümlədən 0,02 faizi mədənçıxarma, 8,62 faizi emal, 2,35 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı) sahələrində, 1,04 faizi tikinti, 0,77 faizi kənd təsərrüfatı, ovçuluq və meşəçilik sektorunda məşğul olmuşdur. Xidmət sahələrində çalışanların 24,77 faizi təhsil, 24,04 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,16 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,32 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,87 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,07 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,12 faizi peşə, elmi və texniki fəaliyyət, 1,6 faizi maliyyə və sığorta, 1,11 faizi informasiya və rabitə, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,24 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,24 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində çalışıblar.