XİN-ə yeni mətbuat katibi təyin edildi - Foto

11:11 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. Xarici işlər nazirinin əmri ilə Ayxan Elxan oğlu Hacızadə nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

ABC.AZ xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, Ayxan Hacızadə 1981-ci ildə anadan olub.

Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib. ABŞ-ın Milli Müdafiə Universitetinin Strateji Təhlükəsizlik Elmləri üzrə magistr dərəcəsinə malikdir.

Xarici ölkələrdə bir sıra tədris proqramı və təlimlərdə iştirak edib, Corc Marşal adına Avropa Təhlükəsizlik Elmləri Mərkəzində Ali Təhlükəsizlik Proqramının və BMT-nin Tərksilah məsələləri üzrə Təqaüd Proqramının məzunudur.

2007-ci ildən etibarən Xarici İşlər Nazirliyində müxtəlif diplomatik vəzifələr tutub. Ailəlidir, üç övladı var.

Qeyd edək ki, hələ cari ilin avqustunda Ayxan Hacızadənin XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsinə mümkün təyinatı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, daha əvvəl bu vəzifəni Leyla Abdullayeva icra edirdi.