10:35 - 19.08.2022
19 avqust, Fineko/abc.az. Dünya bazarlarında müşahidə olunan vəziyyət və ixracın məhdudlaşması ilə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri ciddi qiymət təzyiqləri ilə üzləşiblər.
ABC.AZ iri un və çörək istehsalçılarının birgə məlumatına istinadla xəbər verir ki, cari ilin iyul ayında ölkəyə ərzaqlıq buğdanın orta idxal qiyməti 402,46 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 67% (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4% (orta idxal qiyməti 339,89 ABŞ dolları) yüksəkdir.
Həmçinin ölkəmiz üçün xüsusilə önəmli olan məsələlərdən biri ən böyük ərzaqlıq buğda istehsalçılarından və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın 2021-ci ilin fevral ayından tətbiq etdiyi yüksək ixrac tariflərinin hələ də qüvvədə qalmasıdır.
Dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir.
Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.
Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.
21 Avqust 2026
19 Avqust 2026