Daha 13 nəqliyyat vasitəsi özəlləşdirildi - Detallar

10:27 - 8.06.2022


8 iyun, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 7-də keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 63 sifariş qəbul olunub, bunun 20-si elektron qaydada həyata keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib.

Bu isə, hərraclara qatılanların sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir. Belə ki, ilkin satış qiyməti 12 000 manat olan “Volkswagen Amarok” markalı avtomobilə edilən ən son təklif 2 dəfəyə yaxın artaraq 21 000 manat olub. Bundan başqa, ilkin satış qiyməti 5 000 manata olan “BMW-530i” markalı maşın 9 000 manata özəlləşdirilib.