ABB-nin 5 milyon manatlıq istiqrazlarına 8,42 milyon manatlıq sifariş verilib

16:22 - 12.11.2026


12 Noyabr, Fineko/abcnews. 12 noyabr 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) AZ2010004581 İSİN kodlu, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi həyata keçirilib.

BFB-nin məlumatına görə, 26 oktyabr – 8 noyabr tarixlərində keçirilən abunə yazılışı zamanı 83 investor tərəfindən nominal qiymətlə 8 milyon 421,5 min manat dəyərində 347 sifariş təqdim edilib.

Nəticədə 81 investorun 345 sifarişi icra olunaraq 5 milyon manat həcmində emissiya tam yerləşdirilib və qiymətli kağızlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilib.

Hər birinin nominal dəyəri 100 manat olan 50 000 ədəd istiqrazın tədavül müddəti 1 il, illik kupon dərəcəsi isə 8,5% təşkil edir. Hesablanmış faizlər ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.

Yerləşdirmənin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC olub.