Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı investisiyalar artdı

16:49 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin ilk yarısında Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı investisiya axını yüksəlib.

Qazaxıstandan Azərbaycana yönələn birbaşa investisiyalar 2 dəfədən çox artaraq 28 milyon dollara çatıb (ötən ilin eyni dövründə 12,8 milyon dollar).

Eyni dövrdə Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyalar isə 21,3% artaraq 7,9 milyon dollar təşkil edib.

Tərəflər arasında investisiya əməkdaşlığı əsasən enerji, nəqliyyat-logistika (Orta Dəhliz) və sənaye sahələrini əhatə edir.

Bu istiqamətdə Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli və Azərbaycan–Qazaxıstan Birgə İnvestisiya Fondunun fəaliyyəti mühüm rol oynayır.

Qeyd edək ki, 2005–2025-ci illər ərzində Azərbaycan Qazaxıstana 424,6 milyon dollar, Qazaxıstan isə Azərbaycana 156 milyon dollar investisiya yatırıb.