Macarıstanın Azərbaycana investisiyası 200 milyon dollara yaxınlaşdı

10:03 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk yarısında Macarıstandan Azərbaycan iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi illik müqayisədə 20,1% artaraq 199,6 milyon dollara çatıb.

Azərbaycan Mərkəzi Bankının göstəricilərinə əsasən, Macarıstanın ölkəmizin ümumi birbaşa xarici investisiyalarındakı payı 5,2%-dən 5,4%-ə yüksəlib və bu ölkə ən çox investisiya yatıran dövlətlər arasında 6-cı pillədə qərarlaşıb.

Ötən ilin müvafiq dövründə isə bu göstərici 166,2 milyon dollar təşkil edirdi.

Macarıstan kapitalının əsas hissəsi enerji sektorunda toplanıb.

"MOL Group" "Azəri-Çıraq-Günəşli" yatağında 9,57%, Bakı-Tbilisi-Ceyhan kəmərində isə 8,9% paya sahibdir və 2026-cı ilin iyununda AÇG-dən ilk kommersiya sərbəst qaz hasilatına başlanılıb. Şirkət həmçinin Şamaxı-Qobustan zonasındakı qurudakı sahədə SOCAR ilə əməkdaşlığı genişləndirərək 65% payla operatorluq edir. Digər iri investor "MVM Group" isə "Şahdəniz" yatağında 5%, "Azerbaijan Gas Supply Company"də 4% paya malikdir.