Azərbaycana aviaşirkətlərin yükdaşınmasından 1 milyard 419 milyon manat vəsait daxil olub

10:14 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az. Azərbaycanda aviaşirkətlərin yükdaşınmadan əldə olunan gəliri 2026-cı ilin ilk yarısında 1 milyard 419 milyon manata və ya təqribən  835 milyon ABŞ dollarına çatıb.

ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.

2025-ci ilin ilk altı ayında hava yolu ilə yük daşımalarından 1 milyard 109 milyon manat gəlir əldə edilmişdi. Bu, 2024-cü ilin eyni dövründə isə 1 milyard 288 milyon manat idi.

Gəlirin demək olar ki, hamısı həmişəki kimi beynəlxalq yük daşımalarının payına düşüb. Daxili yük daşımalarından gəlir isə 4,8% artaraq 558,2 min manat olub.

Bununla yanaşı, hava nəqliyyatı ilə daşınan yüklərin həcmi gəlirlərdəki artımdan əhəmiyyətli dərəcədə zəif dinamika nümayiş etdirib. 2026-cı ilin yanvar-iyun aylarında hava yolu ilə 188 min ton yük daşınıb ki, bu da illik cəmi 0,2% artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 187,6 min ton təşkil edib.

Daşınan yüklərin əsas hissəsi beynəlxalq daşımaların payına düşüb. Belə ki, beynəlxalq hava daşımaları ilə 185,9 min ton yük daşınıb. Bu, 2025-ci ilin ilk altı ayındakı 185,5 min tonla müqayisədə 0,2% çoxdur. Daxili hava daşımalarının həcmi isə dəyişməyərək 2,1 min ton səviyyəsində qalıb.