ADB sərhədlərin modernləşdirilməsi üçün 400 milyon dollar ayırır: Layihəyə Azərbaycan da daxildir

10:38 - 26.08.2026


26 avqust, Fineko/abc.az. Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi üzrə regional proqramı (BUILD) təsdiq edib. Ümumi dəyəri 400 milyon ABŞ dolları olan layihə nəqliyyat dəhlizləri ilə yüklərin daşınma vaxtını və xərclərini azaltmağa yönəlib.

Layihə 11 ölkəni — Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Əfqanıstan, Gürcüstan, Pakistan, Monqolustan və Çini əhatə edir. Proqram çərçivəsində ADB-nin maliyyələşdirmə limiti 385 milyon dollar, qrant vəsaitləri 15 milyon dollar, hər bir ayrı layihə üzrə maksimum hədd isə 50 milyon dollar təşkil edəcək. Həmçinin inkişaf tərəfdaşları və trast fondları hesabına əlavə 150 milyon dollar birgə maliyyələşdirmənin cəlb olunması planlaşdırılır.

Sərhədlərdə yaranan gecikmələr və Orta Dəhlizin yükünün artması proqramın əsas zərurətidir. CAREC-in məlumatına görə, 2010–2024-cü illərdə regionda avtomobil keçid məntəqələrində gözləmə vaxtı 6,3 saatdan 14,1 saata, dəmir yolu rəsmiləşdirilməsi isə 22,1 saatdan 25,5 saata yüksəlib. Modernləşdirmə çərçivəsində infrastrukturun yenilənməsi ilə yanaşı, "bir pəncərə" sistemi və risklərin idarə olunmasında süni intellekt (AI) texnologiyaları tətbiq olunacaq.

Xatırladaq ki, 1999-cu ildən ADB üzvü olan Azərbaycana bank tərəfindən indiyədək 5,6 milyard dollar investisiya yatırılıb. Yeni tərəfdaşlıq strategiyası çərçivəsində isə ADB Azərbaycana 2,5 milyard dollara qədər əlavə vəsaitin ayrılmasını nəzərdə tutur. (C) Report