17:23 - 18.06.2026
18 iyun, Fineko/abc.az. "Yaşıl keçid" Azərbaycanda yeni investisiya imkanları yaradır.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, Azərbaycan üçün "yaşıl keçid" təkcə ekoloji prioritet deyil, həm də böyük investisiya imkanlarıdır:
"İmzalanmış müqavilələrə əsasən, 2030-cu ilə qədər ümumi gücü 6 giqavat olan külək və günəş elektrik stansiyalarının tikintisi planlaşdırılır və bu rəqəmin 2032-ci ilə qədər 8 giqavata çatdırılması gözlənilir. Bir neçə layihə artıq start götürüb, həmçinin enerjinin saxlanılması (batareya sistemləri) həlləri də araşdırılır. Bununla paralel olaraq, Azərbaycan Cənubi Qafqaz və daha geniş Xəzər regionunu Avropa enerji bazarları ilə birləşdirməyə yönəlmiş regional "yaşıl enerji" bağlantısı təşəbbüslərini, o cümlədən Qara dəniz və Xəzər dənizi "yaşıl enerji" kabel layihələrini təşviq edir. Bu təşəbbüslər təkcə bərpa olunan enerji istehsalında deyil, həm də ötürücü infrastruktur, avadanlıq istehsalı, mühəndislik, "yaşıl sənaye zonaları" və müvafiq tədarük zəncirlərində geniş imkanlar açır".
©Report