Hazırda Qubadlıda və Laçında əhəngdaşı yataqlarının istismarına başlanılır - Nazir

10:56 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Daşkəsəndə dəmir filizi zavodun inşası kifayət qədər böyük sərmayə – təxminən 2 milyard manat civarında qiymətləndirilən bir layihədir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində qeyri-neft-qaz sektorunda prioritet sahələr məsələsinə toxunarkən qeyd edib.

Nazir bildirib ki, əgər dağ-mədən sahəsi ilə davam etsək, işğaldan azad olunmuş ərazilərimizdə Zod yatağının işlənilməsi ilə həyata keçirilən layihəni də buraya aid edə bilərik.

"Məsələn, Şahbulaqda daş karxanalarının, Dövlətyarlı əhəngdaşı yatağının, Xocalıda üzlük daş yataqlarının istismara başlanılması buna nümunədir. Həmçinin Ağdərədə işğal dövründə qeyri-qanuni istismarda olmuş “Dəmirli” Filiz Emalı Kompleksində fəaliyyətin başlanılmasını, Zod yatağı ilə bağlı prosesləri də qeyd etmək olar. Hazırda Qubadlıda və Laçında əhəngdaşı yataqlarının istismarına başlanılır. Növbəti illərdə dağ-mədən sənayesində mineralların istehsalı ilə bağlı ciddi layihələrin həyata keçirilməsini görəcəyik.

Bunlarla yanaşı, alüminium istehsalının mövcud səviyyədən iki dəfə artırılmasına yönəldilmiş layihəni də nümunə kimi qeyd etmək istərdim və digər layihələrin də hazırda fəal fazada olduğunu demək mümkündür”, - deyə, nazir əlavə edib.