"Azərmaş Group" MМС-nin istiqrazlarına 106 investor maraq göstərib

15:51 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Azərmaş Group" MМС-nin 5 milyon ABŞ dolları dəyərində faizli, təminatsız, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 100 dollar olan 50 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib.

Hərraca 106 investor 5 milyon dollarlıq 106 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.

Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Troni İnvestisiya Şirkəti" ASC-dir.

İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.