Azərbaycan dövlətə məxsus daşınmaz əmlakların 70%-i icarəyə verilməyib

11:49 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Bu il iyulun 1-nə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında ümumi sahəsi 4 milyon 383,1 min kv.metr olan 10 005 ədəd qeyri-yaşayış təyinatlı bina və bina hissələri mövcud olub.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, bunun da, yalnız ümumi sahəsi 465,1 min kv.metr (10,6 %-i) olan 2 962-si (29,6 %) icarəyə verilib, icarə haqları isə müvafiq olaraq həmin sahələr üzrə hesablanıb. Başqa sözlə, Azərbaycanda dövlətə məxsus daşınmaz əmlakların təxminən 70 %-i icarəyə verilməyib.

Palata bəyan edib ki, Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar artsa da, bu sahədə hələ də istifadə olunmamış imkanlar mövcuddur. Dövlət əmlakının icarəsindən əldə olunan gəlirlərin 2026-cı ildə 40 milyon manat olacağı proqnozlaşdırılır. Bu göstərici 2024-cü ilin icra nəticəsini 2,4 milyon manat və yaxud 6,4 %, cari ilin proqnozunu isə 6 milyon manat və yaxud 17,6% üstələyir.

Bu ilin 8 ayında bu mənbədən daxilolmalar eyni dövr üzrə proqnozu 7,1 milyon manat və yaxud 30,6 % üstələyərək 30,3 milyon manat təşkil edib. Artıqlaması ilə icranın əsas səbəbi özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən gələn 7 milyon manat və yaxud 38,2%, həmçinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda daşınmaz əmlakın icarəsindən toplanan 0,2 milyon manat və yaxud 4,3% əlavə vəsait olub.