14:32 - 22.09.2025
22 sentyabr, Fineko/abc.az. Daşıyıcılar avtobus parkını yeniləmək üçün bank kreditlərinə müraciət etdikdə, artıq onların qarşısında yeni bir imkan açılacaq - dövlət bu kreditlərə subsidiya və zəmanət dəstəyi göstərəcək.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
O qeyd edib ki, bu mexanizm daşıyıcıların maliyyə yükünü xeyli yüngülləşdirəcək və mövcud avtobus parkının mərhələli şəkildə yenilənməsini daha real və əlçatan edəcək. Onun sözlərinə görə, əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, bu zaman bank mexanizmlərindən yararlanacaq, dövlət isə həmin kreditlərin bir hissəsini subsidiya edəcək və zəmanət təmin edəcək. Bu addım həm daşıyıcıların fəaliyyətini sabitləşdirəcək, həm də sərnişinlərin daha təhlükəsiz və rahat nəqliyyat xidmətlərindən istifadəsini təmin edəcək.
O əlavə edib ki, şəhərdə ictimai nəqliyyatın inkişafı təkcə sərnişindaşıma xidmətlərinin yaxşılaşdırılması ilə məhdudlaşmır: "Böyük sayda fərdi avtomobillərin paytaxta daxil olması nəqliyyat axınını çətinləşdirir, tıxaclar yaradır, ümumi hərəkət intensivliyinə və ekoloji tarazlığa mənfi təsir göstərir. Bu səbəbdən beynəlxalq təcrübəyə uyğun olaraq ödənişli hərəkət zonalarının tətbiqi gündəmdədir. Sözügedən modelin məqsədi şəxsi avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olmasının qarşısını almaq, ictimai nəqliyyata üstünlük vermək və hərəkət təhlükəsizliyini artırmaqdır". © Report
17 Avqust 2026
15 Avqust 2026