Azərbaycan Aİ ölkələrinə qara kürü ixrac edəcək

14:14 - 4.09.2025


4 sentyabr, Fineko/abc.az. Azərbaycanda istehsal olunan qara kürü yaxın vaxtlarda Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarıla bilər.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı məlumat verib.

"2025-cı ilin sonuna və yaxud 2026-cı ilin əvvəlinə Avropa İttifaqı ölkələrinə ixrac barədə düşünürük. Hazırda bu istiqamətdə danışıqlar aparılır, əlaqələr qurulur", - deyə o qeyd edib.

Z.Salmanlının sözlərinə görə, son illər Azərbaycanda bir neçə yeni balıqçılıq müəssisəsi yaradılıb: "Onlar əsasən nərə cinsli balıq yetişdirilməsi üzrə ixtisaslaşıb. Bu balığa tələbat böyükdür, lakin onun kürüsünün ixracının daha böyük potensialı var. Biz İqtisadiyyat Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə təklif etmişik ki, nərə balığı yetişdirilməsinə və qara kürü istehsalına ayrıca yanaşılsın, bu sahədə xüsusi qayğı və dəstək göstərilsin. Bununla da Azərbaycan ənənəvi məhsullarından birinin hesabına dünyada tanınacaq, həm də iqtisadiyyatımıza ciddi töhfəsi olacaq".

Z.Salmanlının sözlərinə görə, hazırda ölkədə balıqçılıq sahəsində ümumi vəziyyət ümidvericidir, amma çətinliklər hələ də qalmaqdadır: "2024-cü ilin dekabrında ölkə Prezidentinin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Bununla balıqçılıqla bağlı bütün səlahiyyətlər Ekologiya Nazirliyindən alınaraq onlara verilib. Amma həmin Mərkəzin tam formalaşması və fəaliyyətinə obyektiv qiymət verilməsi üçün vaxt lazımdır. İşlər gedir, orada çalışan gənc mütəxəssislər əllərindən gələni edirlər ki, ən qısa zamanda nəticələr əldə olunsun. (© Report)