Ən böyük hədəfimiz sənaye zonalarımızda sahibkarlar üçün əlverişli mühit yaratmaqdır - Elçin Kazımov

17:21 - 30.07.2025


 30 iyul, Fineko/abc.az.  Sənaye zonalarında hər il yeni müəssisələrin fəaliyyətə başlayır, bu müəssisələrin çoxunun açılışında dövlət başçısı iştirak edir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov bildirib.

O qeyd edib ki, yeni müəssisələrin açılması yeni məhsul istehsalına, ixracına başlanılması, iş yerlərinin yaradılması deməkdir. Sənaye zonalarında istehsal olunan məhsullar ilkin olaraq daxili təlabatın ödənilməsinə yönəldilir, daxili təlabat tam ödənildikdən sonra növbəti ixrac edilməsi istiqamətində işlər görülür. "Qeyd edim ki, cari ildə dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında açılışı olmuş tikinti kimyəviləri zavodu, həmçinin Ağdam Sənaye Parkında fəaliyyətə başlamış tütün məmulatlarının istehsalı müəssisəsi artıq ixrac istiqamətinə uğurlar əldə ediblər. Belə ki, tikinti kimyəvilərin Özbəkistana, tütün məmulatlarının isə İraqa, Gürcüstana, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistana ixracı həyata keçirilib.
Yəni qısa müddətin keçməsinə baxmayaraq fəaliyyətə başlayan yeni müəssisələr öz məhsullarını xaricə satmağa başlayıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında istehsal edilən məhsulların bir neçə ölkələrə ixracı istiqamətində uğurlar əldə edilib. Sevindirici və qürurverici haldır ki, Ağdamda istehsal edilən məhsullar artıq xarici ölkələrə satılır”.

E. Kazımov təmsil etdiyi agentliyin ən böyük hədəflərindən birini də açıqlayıb: “İZİA-nın ən böyük hədəflərindən biri sənaye zonalarımızda sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, qeyri-neft sənayesinin inkişafında xüsusi çəkimizi artırmaq, əhalinin məşğulluq səviyyəsini genişləndirmək, həmçinin Azərbaycanı idxalçı ölkədən ixracatçı ölkəyə çevirməkdir. Bu sahədə də böyük uğurlar əldə edilib. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrin təqribən 50 faizdən çoxu məhsul ixracı ilə məşğul olur. Təqribən 100 çeşiddən çox məhsul xarici bazara satılır.

Bu il həmçinin sənaye zonalarında bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq müəssisələr elektron avtomat və sayğacların, alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının, dekorativ daşların, yapışqan lentlərin və s. yeni məhsulların istehsalı ilə məşğul olacaqlar”. Trend