Emal sənayesində qiymətlər yüksəlib

10:26 - 26.02.2025


26 fevral, Fineko/abc.az. Azərbaycanda keçən ay istehsalçıların mallar və xidmətlər üçün ödədikləri orta qiymət dəyişikliklərini ölçən İstehsalçı Qiymətləri İndeksi (PPI) ümumilikdə illik 1.7 faiz azalma göstərsə də, emal sənayesində qiymətlər yüksəlib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, PPI 2025-ci ilin yanvarında emal sənayesi üçün 5.5 faiz olub. Halbuki, 2024-cü ilin dekabrında bu göstərici 4.3 faiz idi.

Sonuncu dəfə emal sənayesində bu qədər qiymət artımı 2023-cü ilin martında qeydə alınıb.

İstehsalçı Qiymətləri İndeksi (PPI) istehsalçıların mallar və xidmətlər üçün ödədikləri orta qiymət dəyişikliklərini ölçən göstəricidir. Bu indeks tədarük zəncirinin müxtəlif mərhələlərində baş verən qiymət dəyişiklərini izləyir və inflyasiya meyllərini müəyyən etməyə kömək edir. Azərbaycan Mərkəzi Bankı bu göstəriciyə faiz dərəcələrinə dair açıqladığı press-relizlərdə toxunmasa da, istehsalçı qiymətlərinin yüksəlməsi gələcəkdə istehlakçı qiymətlərinə təsir göstərə bilər. Üstəlik, idxal inflyasiyası da artarsa, bu, qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.