Ağdam Sənaye Parkında 2 min 400-dən çox iş yeri yaradılacaq

15:36 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. “Ağdam Sənaye Parkı qısa müddət əvvəl yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir. Parkda ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2 min 400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur".

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.

O qeyd edib ki, bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb: "Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Onlar əsasən elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar”.