Yaşıl və davamlı bankçılıq təşviq ediləcək - Zakir Nuriyev

14:33 - 14.11.2024


14 noyabr, Fineko/abc.az. Azərbaycanda iqlim risklərinin bank əməliyyatlarına inteqrasiya edilməsi üçün addımlar atılacaq.

ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev COP29 çərçivəsində təşkil olunmuş "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə bildirib.

O qeyd edib ki, iqlimlə bağlı risklər və imkanlar risklərin idarə edilməsi çərçivələrimizə, kreditləşmə qərarlarımıza və strateji planlaşdırmamıza daxil ediləcək.

Onun sözlərinə görə, bank fəaliyyəti həm milli, həm də qlobal ekoloji məqsədlərə töhfə verərkən uzunmüddətli sabitliyə kömək edəcək.

Bundan başqa, ABA rəhbərinin sözlərinə görə, yaşıl və davamlı bankçılıq təşviq ediləcək:

"Bu istiqamətdə biz Azərbaycanda aşağı karbona davamlı iqtisadiyyata töhfə verən yaşıl layihələrə və davamlı maliyyə təşəbbüslərinə dəstəyi artıracağıq. Buraya yaşıl kreditlərin, davamlılıqla əlaqəli kreditlərin, eləcə də ekoloji cəhətdən məsuliyyətli biznes təcrübəsini təşviq etmək üçün təmiz investisiya imkanları kimi bank məhsullarının hazırlanması və təklif edilməsi daxildir".