“Xiaomi” şirkətinin ilk elektromobilinin satış tarixi açıqlanıb

15:32 - 12.03.2024


12 mart, Fineko/abc.az. Çinin smartfon və məişət texnikası istehsalçısı “Xiaomi” şirkəti martın 28-də ilk SU7 sedan elektromobili satışa çıxaracaq.

ABC.AZ xəbər verir ki, məlumata görə, elektromobilin satışa rəsmi buraxılışı martın 28-də başlayacaq, sifarişlər Çinin 59 şəhərindəki 29 mağazada qəbul ediləcək. Elektrikli avtomobili martın 25-dən sınaqdan keçiriləcək. Şirkət hələ avtomobilin qiymətini açıqlamayıb, lakin əvvəllər qeyd edib ki, SU7-nin qiyməti 500 min yuandır (təxminən 70 min dollar).

2023-cü ilin dekabr ayının sonunda Xiaomi ilk elektromobilini təqdim etmişdi. SU7 sedanı Xiaomi HyperOS əməliyyat sistemi ilə təchiz olunub, smartfon və ağıllı ev aksesuarları ilə yüksək dərəcədə inteqrasiyaya malikdir. Şirkət rəhbəri Lei Jun, Xiaomi'nin gözəl, idarə edilməsi asan, rahat və təhlükəsiz bir intellektual məkan yaratmağı qarşısına məqsəd qoyduğunu qeyd edib. Bundan əlavə, o, Xiaomi-nin 15-20 ildən sonra iri avtomobil istehsalçılarının beşliyinə daxil olacağına əmin olduğunu deyib.