14:57 - 16.11.2023
16 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51.7 faizi ərzaq məhsullarının, 4.2 faizi içkilər və tütün məmulatlarının, 14.0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.5 faizi avtomobil benzini və dizel yanacağının, 4.9 faizi elektrik malları və mebellərin, 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1.1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3.4 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99.7 faizini təşkil edib.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2.7 faiz, fərdi sahibkarlar üzrə 3.5 faiz, bazar və yarmarkalarda 3.9 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 454.9 manatlıq, o cümlədən 254.5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 200.4 manatlıq qeyri-ərzaq malları almışdır.