Polietilen torbaların satışında kəskin azalma var - Dövlət Xidməti

11:17 - 14.11.2023


14 noyabr, Fineko/abc.az. 2023-cü ilin sentyabr ayında 2023-cü ilin fevral ayı ilə müqayisədə (qanunvericiliyin tələblərinin icrasından əvvəl) ticarət obyektlərində polietilen torbaların satışında 45-50% azalma müşahidə olunur.

ABC.AZ xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Dövlət Xidməti bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir: “Eyni zamanda, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və Birliyə üzv iri ticarət şəbəkələrinin nümayəndələri ilə bir neçə dəfə maarifləndirici xarakterli görüşlər keçirilib”.

Qanunvericiliyə əsasən, istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir.